SİYASƏT


Rusiyalı musiqiçinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Bakı, 14 fevral, AZƏRTAC

Rusiya Federasiyasının vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubunda Dmitri Uvarov 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Dmitri Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini bildirib, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 mindən artıq insanın həlak olduğunu qeyd edib.

Dmitri Uvarov, həmçinin “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Dmitri Uvarovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.