İDMAN
Rusiyalı nazir WADA-nın tələbinin yerinə yetirildiyini bildirib
Bakı, 18 yanvar, AZƏRTAC
Rusiya hakimiyyəti Dünya Antidopinq Agentliyi (WADA) tərəfindən Moskvadakı laboratoriyanın məlumat bazasına girişin təmin edilməsi üzrə əldə olunmuş razılıq əsasında irəli sürülmüş tələbləri yerinə yetirib. Bunu Rusiyanın idman naziri Pavel Kolobkov deyib.
WADA da yanvarın 17-də ekspert qrupunun həmin laboratoriyadan məlumatları uğurla əldə etməsi barədə bəyanat yayıb.
P.Kolobkov əlavə edib ki, onun rəhbərlik etdiyi nazirlik agentliyin əməkdaşlarına bazada olan məlumatlarının surətinin çıxarılması üçün hər cür kömək edib. Nazir əmin olduğunu bildirib ki, təqdim edilən məlumatlar idmanda dürüstlük naminə həqiqəti aşkar etməyə imkan verəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ötən il sentyabrın 20-də WADA Rusiya Antidopinq Agentliyinin 2015-ci ildə məhrum olduğu statusu bərpa edib. Əsas şərt isə dekabrın 31-dək Rusiyanın bu məlumatları təqdim etməsi olub. Lakin noyabr və dekabr aylarında agentliyin ekspertləri Moskva laboratoriyasında olsalar da, onların avadanlıqları Rusiya qanunvericiliyinə uyğun olaraq sertifikatlaşmadan keçmədiyi üçün buna nail ola bilməyiblər.
Rusiyalı nazir onu da əlavə edib ki, aparılan genişhəcmli araşdırmada bütün maraqlı tərəflər, o cümlədən Rusiya İstintaq Komitəsi də iştirak ediblər. Onun sözlərinə görə, iştirakçıların hamısı nəticələrin uğurlu olmasına çalışıb.
Conatan Teylorun rəhbərlik etdiyi WADA komitəsi Rusiya tərəfinin öhdəliklərinə əməl etməsi ilə bağlı hesabatı agentliyin İcraiyyə Komitəsinə təqdim edəcək və yanvarın 22-də bu məsələ ilə bağlı yekun qərar qəbul olunacaq.