CƏMİYYƏT
Rusiyalı qida mütəxəssisləri ixrac təyinatlı bəzi bitkiçilik təsərrüfatları ilə tanış olublar
Bakı, 28 iyun, AZƏRTAC
Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndə heyəti Rusiya Federasiyasına ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, Azərbaycanda pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi ilə yerində tanışlıq və bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə müxtəlif meyvə-tərəvəz istehsalı müəssisələrinə baxış keçiriblər.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti “Gözəl Təbiət” MMC və “Buta Agro” MMC-nin pomidor istehsalı müəssisələrində, “AzBadam” MMC-nin badam bağlarında, “Amoris” MMC və “SoyuzAqroKontrakt” MMC-nin Qusar rayonunda yerləşən meyvə istehsal sahələri və meyvə bağlarına baxış keçirib, təsərrüfatlarda pestisid və aqrokimyəvi maddələrin saxlanılması və tətbiqi, bu sahədə reqlamentlərə riayət olunmasına nəzarətin təşkili ilə tanış olublar. Eyni zamanda, meyvə bitkilərinin əkin materialının “in vitro” texnologiyası ilə yetişdirilməsi üzrə “Grand-Agro İnvitro” MMC-nin laboratoriyası və ting yetişdirilən istixanası ziyarət olunub.
Qeyd edək ki, ixrac partiyalarının təhlükəsizliyinə dair fitosanitar nəzarətin təşkili, proseslərin elektronlaşdırılması qonaqlar tərəfindən yüksək qiymətləndirilib.