REGİONLAR
Rusiyalı yazıçı-jurnalist Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub
Qəbələ, 9 May, Mustafa Dadaşov, AZƏRTAC
“Business-dialog media” təşkilatının baş icraçı direktoru, “Russian Business Guide” jurnalının baş redaktoru, yazıçı-jurnalist Mariya Suvorovskaya Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun qonağı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Rusiyalı jurnalist Qoruq ərazisində aparılmış arxeoloji qazıntı sahələri, qazıntılar zamanı aşkar olunmuş şəhərin ərazisini əhatə edən müdafiə sədləri, ictimai binaların qalıqları və digər maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olub. Qonaqlara qədim Qəbələnin tarixi haqqında ətraflı məlumat verilib.
Sonra rusiyalı qonaqlar Qəbələ Arxeoloji Mərkəzinin akt zalında “Qafqaz Albaniyasının paytaxtı - Qəbələ” filminə baxıb, sərgi salonunda nümayiş edilən arxeoloji materiallarla yaxından tanış olublar. Mərkəzdə yaradılmış dahi Azərbaycan şairi Nizami Gəncəviyə aid guşə ilə tanışlıq zamanı məlumat verilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.
Mariya Suvorovskayaya SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu (rus dilində) hədiyyə edilib.
Sonda xatirə şəkilləri çəkdirilib.