SİYASƏT
Rusiyanın Amur televiziyasında Azərbaycana həsr edilmiş ikinci proqram nümayiş etdirilib VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Rusiyanın Amur televiziyasında Azərbaycana həsr edilmiş ikinci proqram nümayiş etdirilib.
Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunları dövründə Amur vilayətinin birinci telekanalının çəkiliş qrupu “Araz” Azərbaycan milli-mədəni cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanda olub. Vilayət telekanalı Avropa Oyunları haqqında proqramlar hazırlayıb, iki həftə ərzində nümayiş etdirib.
Bu günlərdə həmin telekanalın çəkiliş qrupu ölkəmiz haqında 37 dəqiqəlik “Azərbaycanda multikulturalizm həyat tərzi kimi” adlı ikinci proqram hazırlayıb. Proqramın müəllifləri vilayət sakinlərinə Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin, müxtəlif dini icmaların dinc yanaşı, mehriban yaşaması barədə söhbət açıblar. Amur vilayətinin sakinlərinin rəyinə görə, bu proqramlar yerli əhali arasında böyük maraq və əks-səda doğurub.
Amur vilayətindəki Azərbaycan diasporunun rəhbəri Məhəmməd Əsgərov AZƏRTAC-a bildirib ki, bu telekanal Azərbaycan milli mətbəxi, ölkəmizin turizm imkanları, şəfa ocaqları və tarixi barədə silsilə proqramlar hazırlamağı planlaşdırır.