MƏDƏNİYYƏT


Rusiyanın Birinci kanalı tamaşaçılara “Jara” həyəcanını yenidən yaşadıb VİDEO

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçini bir araya toplayan “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Bu musiqi bayramını canlı olaraq 40 mindən çox tamaşaçı izləyib. Hərarətli musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək həm festival iştirakçılarına, həm də tamaşaçılara iyulun 27-dən 30-dək unudulmaz anlar yaşadıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Televiziyasının Birinci kanalında Sofiya Rotarunun “Jara-2017” çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi yayımlanıb.

Beynəlxalq festivalın möhtəşəm konsertləri sırasında yer alan musiqili axşamda izləyicilər Sofiya Rotarunun ən çox sevilən mahnılarını dinləyiblər. SSRİ Xalq Artisti yaradıcılığının 45 illiyini məhz Xəzərin sahilində qeyd edib. Qlyukoza, Valeriya, Ani Lorak, Slava, Lev Leşşenko, İrina Dubtsova, MBAND, Jasmin, Svetlana Loboda və başqaları Sofiya Rotarunun repertuarından mahnıları özünəməxsus tərzdə ifa ediblər. Axşamın digər maraqlı məqamı isə Sofiya Rotarunun müğənnilərlə yaddaqalan duetləri olub. Onun ölkəmizə həsr etdiyi “Azərbaycan” mahnısı gecəyə xüsusi rəng qatıb.

Qətiyyətlə demək olar ki, “Jara” artıq musiqi aləmində əlamətdar hadisəyə çevrilib. Builki festival onu da göstərdi ki, “Jara” təkcə paytaxtımızın sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən olan musiqi həvəskarlarında da böyük maraq oyadıb. Möhtəşəm festivalı izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar burada turizm üçün yaradılmış şəraitlə yaxından tanış olub, ölkəmizin inkişafını öz gözləri ilə görüblər.

Festivalın təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.