MƏDƏNİYYƏT
Rusiyanın Birinci kanalında “Jara-2017” çərçivəsində Qriqori Lepsin yaradıcılıq gecəsi yayımlanıb VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
İyulun 27-dən 30-dək Bakıda - Xəzərin sahilində keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib. Lakin izləyə bilməyənlər üçün də gözəl fürsət yaranıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Televiziyasının Birinci kanalında “Jara-2017” festivalı çərçivəsində Qriqori Lepsin yaradıcılıq gecəsi yayımlanıb.
Bakıda keçirilən Qriqori Lepsin yaradıcılıq gecəsində bir-birindən gözəl 50-dən çox ifa olub, duetlər səslənib, konsert məkanına toplaşmış minlərlə tamaşaçı bənzərsiz çıxışları izləyiblər. Bu ifalar Rusiya estradasında Qriqori Leps məktəbini parlaq şəkildə təcəssüm etdirib. Yorulmaz Leps, demək olar, səhnədən çıxmır, sanki bu konsertə ürəyini qoyurdu. O, eləcə də Aleksandr Marşal, Aleksandr Panoyotov, Slava, Dima Bilan, Vladimir Presnyakov, EMİN, Valeri Meladze, Svetlana Loboda, Sergey Lazarev, Diana Arbenina və başqaları tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Rusiyada ən sevilən müğənnilərdən olan Qriqori Leps çoxsaylı tamaşaçı tutumu olan zallarda konsertlər verir, pərəstişkarlarını yeni mahnılarla sevindirir. O, şanson, estrada, rok janrlarında ifa edir.
Builki festival onu da göstərdi ki, “Jara” təkcə paytaxtımızın sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən olan musiqi həvəskarlarında da böyük maraq oyadıb. Festivalın təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.