CƏMİYYƏT
Rusiyanın Fumiqasiya Təşkilatının nümayəndələri Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə tanış olublar
Bakı, 24 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunda Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) strukturuna daxil olan Respublika Fumiqasiya Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq münasibətlərindən, xüsusilə də bitki sağlamlığı üzrə birgə təcrübə mübadiləsinin genişləndirilməsindən bəhs edilib.
Təşkilatın rəhbəri Taqir Astemirov, onun köməkçisi Polina Şer və xarici mütəxəssis Volker Veisinə Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqaməti və nəzdindəki laboratoriyalar barədə ətraflı məlumat verilib.
Görüş çərçivəsində laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı, dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarının təmsil olunduğu səriştəlilik sınaqlarında əldə edilmiş ciddi uğurlar nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyalara baxış keçirib. Laboratoriyaların maddi-texniki bazası, eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə aparılan müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri, sınaqları ilə yaxından tanış olub, fikir mübadiləsi aparılıb.