İQTİSADİYYAT


Rusiyanın Kaluqa vilayətində Azərbaycan pavilyonu açılıb

Moskva, 28 yanvar, AZƏRTAC

Rusiyanın Kaluqa vilayətində yerləşən “ETNOMİR” Mədəniyyət və Tədris Parkında Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın Rusiya regionları ilə iqtisadi əməkdaşlığı” mövzusunda forum keçirilib. Həmin gün “ETNOMİR” parkında Azərbaycan pavilyonunun təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev forumda çıxışında Azərbaycan ilə Rusiya regionları arasında əməkdaşlığının geniş potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan ilə hökumətlərarası saziş imzalamış regionlarla əlaqələrə xüsusi diqqət yetirilir. Rusiyanın bir çox regionları da ölkəmizin işgüzar dairələri ilə biznes birlikləri, biznes missiyaları vasitəsilə geniş əlaqələr qurmaq niyyətindədir. Ticarət nümayəndəsi vurğulayıb ki, son 2 ildə Rusiyanın 25-dən çox regionuna səfərləri zamanı müxtəlif beynəlxalq tədbirlərdə, investisiya forumlarında Azərbaycanın iqtisadi potensialının təqdimatları keçirilib.

Forumda Azərbaycan şərablarının təbliğinə dəstək, ölkəmizdən meyvə -tərəvəz konservlərinin, eləcə də aqrar məhsulların ixracı potensialının artırılmasına dair fəaliyyət planının qəbul edilməsi, birgə istehsalın genişləndirilməsi, sənaye məhsullarının Rusiya bazarında təşviqi və Azərbaycanda müştərək müəssisələrin yaradılması imkanlarının araşdırılması məsələləri müzakirə olunub.

Qeyd edilib ki, iki ölkə arasında turizm sahəsində geniş perspektivlər mövcuddur. Rusiyadan Azərbaycana turist axını ilbəil artır, bu isə ölkəmizin əlverişli coğrafi şəraiti, rusiyalılar üçün dil məhdudiyyətinin olmaması, müasir infrastruktur və digər göstəricilərlə şərtlənir.

Rusiya ticarət və sənaye palatasının vitse-prezidenti Vladimir Padalko, ticarət nümayəndəliyinin biznes klubunun icraçı direktoru Mariya Suvorovskaya, Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəsi Ruslan Mirsayapov, Kaluqa vilayətinin qubernator müavini Vladimir Potemkin, Rusiya-Azərbaycan İşgüzar Şurasının icraçı direktoru Yuri Danilov, “ETNOMİR” Parkının rəhbəri Ruslan Bayramov və digərləri biznes birliklərinin qarşılıqlı əlaqəsi sayəsində əməkdaşlığın inkişafından söz açıblar.

Kaluqa vilayətinin qubernator müavini Vladimir Potyomkin AZƏRTAC-a müsahibəsində bildirib ki, Kaluqa vilayəti Azərbaycanın iş adamlarının regiona cəlb olunmasında maraqlıdır. O, vilayətdə turizm, müalicə-sanatoriya, tikinti və digər sahələrdə təcrübə mübadiləsi aparılmasını təklif edib, Kaluqa ilə Bakı arasında birbaşa aviareyslərin açılmasının vacibliyini vurğulayıb. V.Potyomkinin fikrincə, birbaşa reysin açılması Azərbaycan ilə təkcə Kaluqa arasında deyil, həm də ətraf regionlar, o cümlədən Tula, Bryansk və digər vilayətlər arasında əlaqələrin inkişafına təkan verəcək.

Rusiyanın Sergeyev-Posad şəhər dairəsi başçısının müavini Andrey Tolstikov hazırda Moskva vilayətinin 7 şirkəti Azərbaycan kapitalı ilə fəaliyyət göstərdiyini qeyd edib. O, forumda şəhərin sənaye parkında Azərbaycan şirkətlərinə bir hektar sənaye ərazisi təklif edildiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində “ETNOMİR”də Azərbaycan pavilyonunun təntənəli açılışı olub.

Bu layihə ölkəmizin ticarət nümayəndəliyinin Azərbaycan “Ticarət Evi” konsepsiyası çərçivəsində həyata keçirilir. Pavilyonda geniş çeşiddə Azərbaycan məhsulları sərgilənir.

Tədbirin sonunda Azərbaycan məhsullarının dequstasiyası təşkil olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.