Rusiyanın Voronej şəhərində “Azərbaycan nemətləri” stendi açılıb
AzerTAg.az
Moskva, 20 oktyabr, AZƏRTAC
“Azərbaycan Ticarət Evi” konsepsiyasının inkişafı çərçivəsində Voronejdəki “Sənin evin” hipermarketinin ərazisində “Azərbaycan nemətləri” stendinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, stenddə “Made in Azerbaijan” brendi altında Azərbaycan məhsulları təqdim olunub.
Açılış mərasimində çıxış edən Rusiyadakı ticarət nümayəndəmiz Ruslan Əliyev Azərbaycan ixracatçılarının dəstəklənməsi sistemi və ölkəmizin məhsullarının Rusiya bazarında tanıdılmasının tərkib hissəsi olan “Azərbaycanın nemətləri” layihəsindən danışıb.
“Sənin evin” hipermarketlər şəbəkəsinin marketinq və reklam şöbəsinin müdiri Məhərrəm Əhmədov çıxışında “Azərbaycanın nemətləri” layihəsinin uğurunu və məhsuldarlığını qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə “Made in Azerbaijan” brendi altında Azərbaycan mallarının dünyanın bir çox ölkələrində tanıdılması üçün ticarət evləri yaradılır. Bu layihənin həyata keçirilməsi artıq Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Polşada öz əksini tapıb. Ticarət evinin fəaliyyətinin tərkib hissələrindən biri də “Azərbaycanın nemətləri” brendi altında konseptual mağazaların yaradılmasıdır. Rusiyada Azərbaycanın Ticarət Nümayəndəliyinin dəstəyi ilə bir neçə stend, həmçinin “DEPO” qastromarketinin ərazisində mağaza açılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva



Xəbərin mətnində orfoqrafik səhv var