ELM VƏ TƏHSİL
Rusiyanın kitabxana mütəxəssisləri Əlyazmalar İnstitutunun fəaliyyətini yüksək qiymətləndiriblər
Bakı, 24 yanvar, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ölkəmizdə işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri ilə görüşüb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüş zamanı hər iki elmi müəssisə arasında əməkdaşlıq perspektivlərdən söhbət açılıb, fikir və təkliflər irəli sürülüb. İnstitutda aparılan əlyazmaların bərpası və elektronlaşdırılması işləri ilə maraqlanan mütəxəssislər Əlyazmaların bərpası və gigiyenası laboratoriyasında və Elektron resurslar şöbəsində fəaliyyət prosesləri ilə yaxından tanış olublar. İnstitutun ekspozisiya zalında olan qonaqlar əlyazma kolleksiyasına heyranlıqlarını bildiriblər, əlyazmaların mulyaj işinin məhz institutda həyata keçirilməsini yüksək qiymətləndiriblər.
Qonaqlar akademik Teymur Kərimlini bu ilin aprel ayında M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında keçiriləcək beynəlxalq konfransa dəvət ediblər.
Rusiyalı mütəxəssislər Əlyazmalar İnstitutundan xoş təəssüratla ayrılıblar.