REGİONLAR


Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

Sumqayıt, 7 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində dekabrın 7-də Rusiya Federasiyası aidiyyətı dövlət qurumlarının nümayəndələri İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də olublar.

AZƏRTAC xəbər verir ki, Parkın direktoru Nazim Talıbov qonaqları salamlayaraq Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf xəttinə uyğun olaraq, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, sənaye sahəsində son məhsuladək texnoloji zəncirin qurulması, müasir sənaye parklarının yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, hazırda ölkədə dövlət başçısının müvafiq fərman və sərəncamlarına müvafiq olaraq kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Artıq həmin növ məhsullara daxili tələbat yerli istehsal hesabına təmin olunur, ixracdan asılılıq azalır, eyni zamanda, məhsul ixrac edilir.

Görüşdə, həmçinin Azərbaycan və Rusiya arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verilib. Sənaye, ticarət və investisiya sahələrində əməkdaşlıqda müsbət dinamika qeyd edilərək, bu istiqamətdə işlərin davam etdirilməsinin, müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. “SOCAR Polymer” layihəsi və Pirallahı Sənaye Parkında “R-Pharm” əczaçılıq müəssisəsinin yaradılması üzrə layihələrin reallaşdırılması qarşılıqlı əməkdaşlıq sahəsində önəmli layihələrdən olduğu vurğulanıb.

Görüş çərçivəsində qonaqlara sənaye parklarının video-təqdimatı göstərilib.

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə tanış olublar. Bildirilib ki, hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan artıqdır. Parkda ümumi investisiya portfeli 3 milyard ABŞ dolları təşkil edən 20 rezident qeydiyyata alınıb ki, bunlardan 13-ü fəaliyyət göstərir. Bu layihələrin icrası nəticəsində parkda 5 mindən çox insan daimi işlə təmin edilib. Eyni zamanda məlumat verilib ki, 2019-cu ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 440 milyon manatlıq məhsul istehsal olunub, 190 milyon manatlıq məhsul ixrac edilib. Həmçinin bu dövrdə parka 600 milyon manat investisiya yatırılıb ki, bu da ölkə sənayesinin qeyri-neft sektoru üzrə investisiyalarının 50 faizini təşkil edib. Hazırda burada istehsal olunan məhsullar əsasən MDB ölkələri, Türkiyə, Ukrayna, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Danimarka, Hollandiya və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac olunur.

Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-də də olublar. Qonaqlara məlumat verilib ki, müəssisədə istehsal edilən yüksəkkeyfiyyətli polad və polietilen borular, hidrotexniki avadanlıqlar, polietilen məmulatlar daxili tələbatı ödəməklə yanaşı, MDB və region ölkələrinə ixrac edilir. Həmçinin müəssisənin nəzdində zəruri sertifikatlarla təmin edilmiş laboratoriya fəaliyyət göstərir.

Sonda qonaqlar “Azertexnolayn” MMC-nin polad boru zavodunda istehsal prosesi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.