CƏMİYYƏT
Rusiyaya idxal olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi proseduru müzakirə olunub
Bakı, 5 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsinin də iştirak etdiyi tədbirdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət tədbirləri və idxal olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi proseduru müzakirə olunub.
Agentliyin aparat rəhbəri Elxan Mikayılov bildirib ki, pomidor istehsal olunan təsərrüfatlarda davamlı olaraq bitki zərərvericiləri və viruslarla bağlı monitorinqlər aparılır, ixrac olunan məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunur. İndiyədək aparılan laborator müayinələr zamanı bitkiçilik məhsullarında həmin viruslar aşkarlanmayıb. Qeyd olunub ki, bitkiçilik təsərrüfatlarında dövri olaraq dezinfeksiya işləri görülür, həmçinin təsərrüfatlarda istifadə olunan əkin-səpin materialları üzərində nəzarət tədbirləri daha da gücləndirilib.
Tədbirdə Azərbaycandan Rusiyaya kartof məhsulunun ixracı zamanı iki halda kartofun qonur çürüməsi zərərli orqanizminin aşkarlanması ilə əlaqədar daxil olan bildirişlər, eyni zamanda bu halların araşdırılması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında hazırda qarşılıqlı razılaşdırma mərhələsində olan “Pestisidlər və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinə dair fikir mübadiləsi aparılıb.