CƏMİYYƏT
Rusiyaya ixrac olunan bitkiçilik məhsulları və Federal qanuna edilən dəyişikliklərin müzakirəsi aparılıb
Bakı, 16 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları, həmçinin bu ölkədə pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə əlaqədar "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" 1997-ci il iyulun 19-da Federal Qanuna edilmiş dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.
Dəyişikliyə əsasən, Rusiya Federasiyasına idxal olunan pestisid və aqrokimyəvi maddələrin qüvvədə olan qeydiyyat şəhadətnaməsinin tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə onların laborator müayinələrinin aparılması üçün sınaq və nümunələrin götürülməsi tələbi qoyulur. Həmçinin dəyişikliyə görə, Rusiya Federasiyasına ixracı nəzərdə tutulmuş bitki məhsullarının istehsal yerlərində pestisidlərin və aqrokimyəvi vasitələrin istehsal olunan məhsullarda qalıq miqdarlarının məcburi tələblərə uyğunluğunun yoxlanılması müddəaları əksini tapıb.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti arasında hazırda qarşılıqlı razılaşdırma mərhələsində olan “Pestisidlər və aqrokimyəvi maddələrdən təhlükəsiz istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsinə dair fikir mübadiləsi aparılıb.