CƏMİYYƏT
Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar görüş keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə zəruri tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 26-da AQTA sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") sədr müavini Yuliya Şvabauskenenin başçılıq etdiyi nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib. Görüş zamanı Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı məlumat verən AQTA sədri hər iki qurumun mütəxəssislərinin iştirakı ilə aparılan birgə monitorinqlərin məsələnin həlli istiqamətində əhəmiyyətini diqqətə çatdırıb.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin sədr müavini Yuliya Şvabauskene həyata keçirilən birgə nəzarət tədbirlərini yüksək qiymətləndirib və bu istiqamətdə birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkə arasında qida məhsulları, xüsusilə bitkiçilik məhsulları sahəsində ticarət dövriyyəsinin artırılması sahəsində fikir mübadiləsi aparılıb.