REGİONLAR
Ruslan Abbasov: Məktəbimiz üçün yeni binanın istifadəyə verilməsi şagirdlərin təhsilə həvəsini daha da artıracaq
Bərdə, 23 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə təhsilin inkişafına qayğı ilə yanaşılır. Regionlarda, xüsusən də ucqar yaşayış məntəqələrində məktəb binalarının tikintisi dövlətimizin təhsilin inkişafına yüksək diqqət və qayğısının göstəricisidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam şəhər 65 nömrəli orta məktəbin direktoru Ruslan Abbasov deyib.
Ruslan Abbasov bildirib ki, 65 nömrəli köçkün tam orta məktəbi 1993-cü ildən indiyədək dörd yerdə fəaliyyət göstərib. Məktəbin sonuncu fəaliyyət göstərdiyi Bərdə rayonu Şorəlli kəndindəki köhnə binada tədris üçün heç bir şərait yox idi. Ölkənin digər bölgəsində qəzalı vəziyyətdə olan məktəblər kimi, 65 nömrəli tam orta məktəbi üçün də modul tipli məktəb qurularaq istifadəyə verilib. Hər cür şəraiti olan belə bir məktəbin inşa edilməsi müəllim, şagird və valideynlərin böyük sevincinə səbəb olub. 56 şagird yerlik məktəb sinif otaqları, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Məktəbə su, kanalizasiya, rabitə xətləri çəkilib, istilik sistemi, telefon, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.
"Məktəbdə 49 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. Şagirdlərimizin təhsilə, oxumağa həvəsləri böyükdür. Təkcə ötən dərs ilində məktəbi bitirən 12 məzundan 7 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanında iştirak edib, onlardan hamısı tələbə adını qazanıb. Məktəb üçün modul tipli binanın quraşdırılması şagirdlərimizin təhsilə olan həvəslərini daha da artırıb. İnanıram ki, məktəbimiz üçün yeni binanın istifadəyə verilməsi təhsilin səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq", - deyə direktor bildirib.