İDMAN


Ruslan Abışov: Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm

Bakı, 21 noyabr, AZƏRTAC

Nəhayət ki, uzun müddətdən sonra məşqlərə başladım. Klub həkimlərimiz üç həftə fərdi məşq etməyi tapşırıblar. Onların verdiyi plan üzrə çalışıram. Günü-gündən özümü daha da yaxşı hiss edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri uzun müddət zədə üzündən əziyyət çəkən və hazırda məşqlərini bərpa edən futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov deyib.

Futbolçu bildirib ki, karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm. Həqiqətən də azarkeşlərin yazdığı hər bir məktub, göstərdiyi hər bir diqqət sağalma prosesini daha da sürətləndirir. Bu zaman kəsiyində mənə təsəlli verib, dəstək olan azarkeşlərin hər birinə minnətdaram.

Təcrübəli müdafiəçi, həmçinin bərpa prosesindən də danışıb: “Bu proses hər gün intensivləşir. Həkimlərin nəzarəti altında məşq edirəm. Almaniyadakı həkimlərin dediyinə görə, proses sürətlə gedir. Amma mən tələsmək istəmirəm. Almaniyaya ilk gedişim əməliyyatla bağlı idi. İkinci səfərim isə bərpa üçün nəzərdə tutulmuşdu. Artıq Almaniyaya getməyimə ehtiyac yoxdur. Fürsətdən istifadə edib, müalicəmi ən yüksək səviyyədə təşkil etdiyi üçün klub rəhbərliyinə və əziyyətimi çəkən həkimlərimizə təşəkkürümü bildirirəm.

“Yanvardakı təlim-məşq toplanışında var gücümlə məşq etməyi düşünürəm. Futbolsuz qalmağı sözlə ifadə etmək çox çətindir. Amma nə yaxşı ki, artıq çətin günlər arxada qalıb. İndi yalnız meydana çıxacağım günləri sayıram. Azarkeşlərimizlə görüşlər mənə böyük zövq verir. Onlardan pozitiv enerji alıram. Mənim tez sağalmağımı və komandaya qoşulmağımı arzulayırlar. Hər birinə təşəkkür edirəm”, - müdafiəçi əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.