CƏMİYYƏT
Ruslan Hacıyev: Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər son 100 ilin ən möhtəşəm Qələbəsidir
Tbilisi, 8 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin cari ili “Şuşa İli” elan etməsi dünya azərbaycanlıları kimi, Gürcüstandakı soydaşlarımızın ürəyincə olan, bizlərdə ruh yüksəkliyi yaradan bir qərar oldu. Şuşa bizim üçün çox duyğusal, önəmli bir məsələdir. 44 günlük Vətən müharibəsində torpaqların erməni işğalından azad edilməsi çox böyük bir Qələbədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə son 100 ilin ən möhtəşəm Qələbəsidir. Azərbaycan dövlətinin, onun Prezidentinin, Müzəffər Ali Baş Komandanın bu Qələbəsi Gürcüstanda yaşayan azərbaycanlılar üçün ikiqat bayram olub. Mən bu Qələbə münasibətilə Prezident İlham Əliyevə öz adımdan, Gürcüstanda yaşayan soydaşlarımız adından minnətdarlıq edirəm.
Bu günlərdə Şuşada keçirilmiş Zəfər Qurultayında iştirak etdiyini vurğulayan müsahib deyib: “İşğaldan azad edilmiş əraziləri görmək, xüsusən də sürətlə davam edən quruculuq, bərpa işləri digər iştirakçılar kimi məndə də böyük ruh yüksəkliyi yaratdı. Qısa müddət ərzində Qarabağı cənnətə çevirmək böyük əzm, bacarıq və şücaətdir”.
R.Hacıyev Tbilisidə “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecənin keçirilməsini də yüksək qiymətləndirib: “Tədbirin Azərbaycan torpaqlarının, eləcə də qədim Şuşa şəhərinin işğaldan azad olunmasına həsr olunması sıradan bir tədbir deyil. Bu, bizim üçün ikiqat bayram və sevincdir. İstərdik ki, bu cür konsert və musiqi gecələri Kvemo Kartli-Borçalı bölgəsində və soydaşlarımızın yaşadıqları digər regionlarda da təşkil olunsun. Biz də bu tədbirlərə dəstək verməyə hazırıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi