İDMAN


Ruslan Həmidov: Əsas hədəfimiz Mingəçevirdə futbolu yenidən inkişaf etdirməkdir

Bakı, 13 may, AZƏRTAC

“Mingəçevir” futbol klubunun Birinci Diviziona vəsiqə qazanması çox sevindirici xəbər oldu. AFFA rəhbərliyi komandanın yenidən təşkil olunması üçün mühüm addımlar atıb. Bunun üçün klub nümayəndələri və mingəçevirlilər adından AFFA rəhbərliyinə təşəkkürmü bildirirəm.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Mingəçevir” futbol klubunun prezidenti Ruslan Həmidov deyib.

Son 4 ildə komandanın Region Liqasında mübarizə apardığını bildirən klub rəsmisi deyib: “Azarkeşlərimizin oyunlara marağı böyükdür. Belə ki, turnirin dörddəbir final mərhələsinin ev oyununda komandamıza 4 min 200 tərəfdaş azarkeşlik edib. Bu, Mingəçevirin futbol şəhəri olmasından xəbər verir. Komandamız uzun illər milli komandaya futbolçular verib. Mingəçevir təmsilçisi Premyer Liqada da mübarizə aparıb. Əsas hədəfimiz çempion olub, Mingəçevirdə futbolu yenidən inkişaf etdirməkdir. Şəhər stadionunun, tribunların və paltar dəyişmə otaqlarının təmirini Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı öz üzərinə götürüb. Meydançalarımız isə AFFA tərəfindən bərpa olunacaq. Əsas meydanın örtüyü qazondan təşkil ediləcək. Əlavə meydança isə süni olacaq”.

“Mingəçevir gənc şəhər olmağına baxmayaraq, idmançılar şəhərədir. Ötən həftə Mingəçevirdə avarçəkmə üzrə “Prezident kuboku-2022” beynəlxalq reqatası yüksək səviyyədə təşkil olundu. Mingəçevirlilər həmin turniri böyük coşqu ilə qarşıladılar. Ümumiyyətlə, Mingəçevir gəncləri idmanı sevir və bədən tərbiyəsi ilə yaxından məşğul olurlar. Bizim şəhərə və azarkeşlərə Premyer Liqada iştirak edən klub yaraşır. Ümid edirəm ki, komandamız Birinci Divizionda birinci olub, Premyer Liqaya vəsiqəni təmin edəcək”, - deyə R.Həmidov əlavə edib.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan klub rəhbəri bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq qurumlar heç bir tərəddüd etmədən mötəbər yarışların təşkilini ölkəmizə həvalə edirlər. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Bütün bunlar ölkədən həyata keçirilən uğurlu idman siyasətinin bariz nümunəsidir.

Heyətə yeni futbolçuların cəlb olunacağını deyən klub rəsmisi üstünlüyün mingəçevirli oyunçulara veriləcəyini bildirib: “Gəncədə 2, Tovuzda 1, Premyer Liqa klublarında isə 4 futbolçumuz oynayır. Birinci Divizionda da oyunçularımız çıxış edir. Bu futbolçular “Qəbələ” futbol akademiyasının yetirmələridir. Hamısını yeni mövsüm üçün heyətə dəvət edəcəyik. Klubun İdarə və Müşahidə şuraları yaradılacaq və onlar komandanı idarə edəcək. Mingəçevirli iş adamlarını komandaya dəstək olmağa çağırıram. Futbolun İnkişafı Fondunun rəhbəri ilə görüşüb gələcək planlar barədə fikir mübadiləsi aparmışam”.

Yaxın gələcəkdə Mingəçevir futbol akademiyasının yaradılmasının nəzərdə tutulduğunu bildirən R.Həmidov vurğulayıb ki, əsas məqsədimiz Azərbaycan milli komandası üçün futbolçu yetişdirmək və ölkə futbolunun inkişafına töhfəmizi verməkdir. Son illərdə milli komanda da mingəçevirli futbolçular çıxış etmirdi. 1996-cı ildə “Kür-Nur” klubu dağılandan sonra böyük futbol Mingəçevirdən uzaqlaşdı. Ümid edirəm və inanıram ki, biz əvvəlki ənənəmizi bərpa edib, milli komanda üçün yeni futbolçular yetişdirəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.