İQTİSADİYYAT
Rüstəm Rüstəmov küçəsi ilə Babək prospektləri arasında yerləşən hissədə təmir-tikinti işlərinə başlanılıb VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
Nizami rayonu Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində təmir-tikinti işlərinə start verilib.
"Azəryolservis" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin ortalama eni isə 20 metrdir. Sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həmçinin yolun asfalt-beton örtüyü tez sıradan çıxırdı, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Bütün bunları nəzərə alan "Azəryolservis" ASC tərəfindən küçədə 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulur. Zəruri olan yerlərdə yağış barmaqlıqları qoyulur, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənir. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılmış olacaq.
Eyni zamanda, Mikayıl Əliyev küçəsində vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi həllini tapacaq. Belə ki, təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılır. Səkilərin kənarlarına 3 min paqonmetrə yaxın səki daşları düzülür. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənəcək. Artıq köhnə asfalt örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol yatağı bərkidilib. Ümumilikdə, sözügedən əraziyə 2 qat olmaqla 30 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Mikayıl Əliyev küçəsində yolun hərəkət hissəsində genişləndirmə işləri də aparılacaq. Genişləndirmə küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə görüləcək. Bununla da həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənməklə nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş olacaq.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulacaq, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Hazırda təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.