İDMAN
Ruzanna Məmmədova dünya çempionatının finalına yüksəlib
Bakı, 27 iyul, AZƏRTAC
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 4 üzvü mübarizəyə qoşulub.
Elvina Kərimzadə (43 kq) ilk mərhələdə amerikalı Erika Pastorizaya məğlub olub. Ancaq rəqib finaladək irəlilədiyi üçün E.Kərimzadə təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Elvina Kərimzadə polşalı Dominika Konkellə qarşılaşacaq.
Millimizin digər üzvü Ruzanna Məmmədova (49 kq) əvvəlcə rumıniyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gəlib. Avropa çempionumuz səkkizdəbir finalda bolqar Viktoriya Boynovadan güclü olub – 7:1. R.Məmmədova növbəti mərhələdə türkiyəli Şevval Çayırı minimal fərqlə (3:2) üstələyib. Güləşçimiz yarımfinalda qazaxıstanlı Aymgül Abilovaya heç bir şans tanımayıb – 10:0. Beləliklə, həmyerlimiz ardıcıl ikinci dəfə U-17 dünya çempionatının finalına yüksəlib. Ruzanna Məmmədova həlledici görüşdə yaponiyalı Mihoko Takeuçiylə üz-üzə gələcək.
Güləş üzrə millimizin digər üzvü Günay Qurbanova (57 kq) təsnifat mərhələsində macarıstanlı Gerda Terekə 2:5 hesabıyla uduzub.
Rəqib finala yüksəldiyi üçün Günay Qurbanova təsəlliverici görüşdə hindistanlı Liza Tomarla qarşılaşacaq.
Fatimə İsayeva isə (65 kq) debütdə türkiyəli Duyğu Genə uduzub – 1:3.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları sabah keçiriləcək.