DÜNYA
“Ryanair” aviaşirkətində tətil gözlənilir
Berlin, 26 sentyabr, AZƏRTAC
“Ryanair” aviaşirkəti sentyabrın 28-də 190 reysi ləğv edəcək.
AZƏRTAC bu barədə aviadaşıyıcının “Twitter” səhifəsinə istinadla məlumat verir.
Beləliklə, şirkətin hər gün yerinə yetirdiyi 2400 reysin təqribən 8 faizi ləğv ediləcək, şirkətin 450 min müştərisindən 30 mini bundan ziyan çəkəcək. Reyslərin ləğv edilməsinə səbəb altı Avropa ölkəsində: Belçika, Almaniya, İspaniya, İtaliya, Niderland və Portuqaliyada təyyarə bələdçilərinin tətilinin davam etməsidir.
Aviaşirkətin özündə qarşıdakı tətili “gərəksiz hadisə” kimi səciyyələndiriblər. Daşıyıcı bildirib ki, İrlandiya, Böyük Britaniya, Almaniya və Portuqaliyadakı heyətlərlə razılıq əldə edilib və digər ölkələrdəki əməkdaşlar müvafiq kontraktlar bağlanmasına dair danışıqları davam etdirməyə dəvət olunub.
Avropada ən yüksək gəlirli aviaşirkətin pilotlarının və bələdçilərinin tətilləri bir ildən çoxdur ki, davam edir. Onlar əməkhaqqının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Almaniyanın ARD ictimai-hüquqi media şirkətinin verdiyi məlumata görə, keçən həftə “Ryanair” şirkətinin Almaniyadakı pilotları gələcəkdə onlara ştatlı əməkdaşlar statusu veriləcəyi və bundan sonra ixtisasartırma ilə bağlı xərcləri özləri ödəməli olmayacaqları barədə razılıq əldə edə biliblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin