ELM VƏ TƏHSİL
“SABAH III” Karyera Qış Məktəbinin təlimləri başa çatıb
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də “SABAH III” Karyera Qış Məktəbində keçirilən təlimlərə yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan “SABAH” tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.
Bakı Dövlət Universitetinin (BDU) Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində fevralın 12-dən 14-dək keçirilən təlimdə 100-ə yaxın tələbə iştirak edib. Qış məktəbində “SABAH” tələbələri işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələrində bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlimlər keçiblər.
Tələbələr karyera planlaşdırılması, təqdimat bacarıqları, layihələrin idarə olunması və digər mövzular üzrə də məlumatlar alıblar.
“SABAH III” Karyera Qış Məktəbində, həmçinin “SABAH” layihəsinin əməkdaşları üçün “Ali təhsillin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil edilib. “SABAH” İcra Komitəsinin tədris işləri üzrə əlaqələndiricisinin, ali təhsil müəssisələrinin “SABAH” mərkəzinin rəhbərlərinin iştirak etdiyi seminarda ali təhsil sistemində tətbiq ediləcək yeniliklərlə bağlı geniş izahat verilib, fikir mübadiləsi aparılıb.
Sonda təlimçilərə təşəkkürnamələr, iştirakçılara isə sertifikatlar verilib.
“SABAH” Karyera Akademiyası 2017-ci ildən “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. Akademiya çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu kimi bir sıra tədbirlər həyata keçirilib.
“SABAH III” Karyera Qış Məktəbinə ötən illərdə olduğu kimi, bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər, eləcə də Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti yaxından dəstək göstəriblər.
“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2 min 300-dən çox tələbəni əhatə edir.