ELM VƏ TƏHSİL
“SABAH” IV karyera qış məktəbi başa çatıb
Bakı, 14 fevral, AZƏRTAC
“SABAH” Karyera Akademiyası çərçivəsində Şamaxıda “SABAH” IV karyera qış məktəbinin təlimləri başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “SABAH” qruplarının dördüncü kursunda təhsil alan 76 tələbənin iştirakı ilə keçirilən təlimlər işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edib.
Qış məktəbində, həmçinin “Karyerada dəyişikliklərin idarə olunması”, “Startap qurum, yoxsa iş axtarım?”, “Alimliyə gedən yol”, “Layihələrin idarə olunması”, “Öz brendini yarat”, “Effektiv təqdimat bacarıqları”, “Biznesin qurulması üçün alternativ maliyyə mənbələri” mövzusunda təlimlər, ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran “Emosional intellekt”, “Əmək qanunvericiliyi” mövzusunda seminarlar təşkil edilib.
Karyera qış məktəbi çərçivəsində ali təhsil müəssisələrində “SABAH” mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi”, “Yeni tədris proqramlarının hazırlanması” və “Tvininq layihəsi” mövzularında da seminarlar olub.
Sonda təlimçilərə təşəkkürnamə, iştirakçılara isə sertifikatlar verilib.
Bu il də bir sıra tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “Rabitəbank”, “GoldenPay” və s.) və fərdi təlimçilər qış məktəbinin təşkilinə yaxından dəstək göstəriblər.
“SABAH” Karyera Akademiyası məzun olmağa hazırlaşan “SABAH” tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
Xatırladaq ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2 min 400-dən çox tələbəni əhatə edir.