ELM VƏ TƏHSİL
“SABAH Magistratura” proqramı çərçivəsində tələbələr qlobal təchizat zəncirlərində risklər barədə məlumatlandırılıb
Bakı, 14 may, AZƏRTAC
Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində logistika və təchizat zənciri sahəsində xarici ekspertlərin spiker qismində iştirakı ilə silsilə vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Qlobal təchizat zəncirlərində risklər” mövzusunda vebinarda risk anlayışı, qlobal təchizat zəncirində risk faktorları və riskin idarə olunması ilə bağlı ətraflı məlumat verilib. Türk dilində aparılan vebinarda spiker qismində Massaçusets Texnologiya İnstitutunun məzunu Sena Perk iştirak edib. Sena Perk təqdimatında risk və onun mənbələri, eləcə də riskə yanaşma üsulları (proaktiv, reaktiv) haqqında danışıb. O, həmçinin “Zərərə uğramanın təhlükələri hansılardır?” mövzusunda məruzə edib.
Azərbaycan Texniki Universitetinin 50-dən çox əməkdaşının və tələbəsinin qatıldığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Sena Perkin təchizat zəncirinin idarə olunması sahəsində 13 ildən çox təcrübəsi var. O, hazırda Amerikada “Pratt&Whitney” şirkətində proqnozlaşdırma üzrə data analitikası meneceri vəzifəsində çalışır.