ELM VƏ TƏHSİL


“SABAH” incəsənət festivalı”nın qalibləri mükafatlandırılıblar VİDEO

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalı”nın bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi, “SABAH” qrupları, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin rektorları, “SABAH” qruplarının tələbələri iştirak ediblər.

Festivalda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “SABAH” qruplarının tələbələrinin müxtəlif layihələri və əl işləri nümayiş etdirilib. Bakı Musiqi Akademiyası “SABAH” qrupunun tələbələri maraqlı musiqi proqramı ilə çıxış ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupunun tələbələrinin iştirakı ilə M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” pyesi əsasında hazırlanmış tamaşa göstərilib.

Festivalın ilk günü - iyunun 10-da İçərişəhərdə keramika sənəti, xalçaçılıq və s. ilə bağlı ustad dərsləri keçirilib.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu diqqətə çatdırıb.

Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən nazir ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb. C.Bayramov, eyni zamanda, festivalın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, festivalın keçirilməsinin məqsədi azərbaycançılıq ideologiyasının təbliği, gənclərin bilik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsidir.

Sonra festivalda uğur qazanan “SABAH” qruplarının tələbələrinə diplomlar təqdim olunub.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən “SABAH” qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərir, 45 ixtisas üzrə 2.300-dən çox tələbəni əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.