ELM VƏ TƏHSİL
“SABAH” Karyera Akademiyasının təqdimatı olub
Bakı, 9 fevral, P.İmanova, AZƏRTAC
Fevralın 9-da Təhsil Nazirliyində “SABAH” Karyera Akademiyasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “SABAH” qrupları barədə videoçarx göstərilib.
“SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə akademiyanın peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla dörd istiqaməti əhatə etdiyini bildirib.
Qeyd edilib ki, “SABAH” Karyera Akademiyası ilk “SABAH” qrupu məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
“SABAH” qrupları tələbələrinin müxtəlif sahələrdə təcrübə topladığını diqqətə çatdıran Ş.Seyidzadə ötən tədris ilindən başlayaraq “SABAH” qruplarının 600-dək tələbəsinin 38 dövlət və özəl strukturda təcrübə keçdiyini söyləyib.
Diqqətə çatdırılıb ki, “SABAH” Karyera Akademiyası proqramı çərçivəsində fevralın 17-dən 20-dək Qubada “SABAH” Karyera Qış Məktəbi layihəsi təqdim olunacaq. Layihə sonuncu kursda təhsil alan “SABAH” qrupları tələbələrinə uğurlu karyera üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. Yüzədək tələbənin iştirak edəcəyi qış məktəbində karyera planlaşdırılması, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə təlimlər keçiriləcək.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi “SABAH” qrupları layihəsinin fəaliyyətində əksini tapıb.
Nazir müavini gənc məzunların uğurlu karyera qurmaları üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, layihə sonuncu kursda təhsil alan “SABAH” qrupu tələbələrinə uğurlu karyera üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin elm və təhsil idarəsinin rəisi, professor Əminağa Sadıqov son illər ölkəmizdə təhsil sahəsində müxtəlif layihələrin uğurla reallaşdırıldığını söyləyib. AMEA ilə Təhsil Nazirliyi arasında əməkdaşlığın genişləndirildiyini bildirən Ə.Sadıqov elm və təhsilin inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Qeyd edilib ki, hazırda “SABAH” qruplarının 200-dək tələbəsi AMEA-nın müxtəlif institutlarında təcrübə keçir.
Tədbirin sonunda tərəfdaş şirkətlərə və “SABAH” qruplarının tələbələrinə sertifikatlar təqdim olunub.