ELM VƏ TƏHSİL
“SABAH” qrupları Londonda keçirilən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin sərgisində
Bakı, 2 iyul, AZƏRTAC
London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq hər il Şahzadə Çarlzın iştirakı ilə keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxalq təcrübə mübadiləsi məqsədini ehtiva edən tədbirə bu qurumun “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Mədəniyyət Nazirliyi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin əməkdaşları da qatılıb.
Hesabat sərgisində magistratura və doktorantura proqramlarını bitirməkdə olan tələbələrin işləri, o cümlədən Şahzadə Məktəbinin Beynəlxalq Tanıtım Proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin rəssamları da sərgidə əl işləri ilə iştirak ediblər. Ölkəmizin zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışlarla və müasir üsullarla işlənən məhsullar böyük marağa səbəb olub və yüksək qiymətləndirilib.
Tədbirdə Şahzadə Çarlza “SABAH” qrupları ilə bağlı məlumat verilib, “SABAH” qrupları İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, 2004-cü ildə Uels Şahzadəsi Çarlz tərəfindən təsis olunmuş Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) rəssamlara Uels Universiteti tərəfindən təsdiqlənmiş diplomdansonrakı təhsil çərçivəsində tədqiqatların aparılmasına imkan yaradır.