ELM VƏ TƏHSİL
“SABAH” qruplarının yeni müəllimlərinin peşəkarlığı artırılır
Bakı, 17 sentyabr, AZƏRTAC
“SABAH” qruplarında yeni tədris ilinin payız semestrində dərs deyəcək professor və müəllimlər, mütəxəssislər üçün “ADA” Universitetində təlimlər keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin “SABAH” qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edilməsi, professor və müəllimlərin peşəkarlığının artırılmasıdır.
Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təlimin proqramına müəllimin fərdi işçi planını (sillabusun) tərtibetmə prinsiplərindən başqa tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları, öyrənmə mərhələləri və müvafiq fəaliyyət növləri, tənqidi təfəkkür və tələbələrin qiymətləndirilməsi, qiymətləndirmə metodları və qiymətləndirmə sistemləri, İKT-nin tədris prosesinə təsiri və digər mövzular da daxil edilib.
İkigünlük təlimlərə 80 nəfər qatılıb.