SİYASƏT
SABİQ DTK GENERALI OLEQ KALUGİN ABŞ VƏTƏNDAŞLIĞI ALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbirinin Vaşinqtondan verdiyi xəbərə görə, Amerikada yaşayan və dövlətə xəyanətə görə Rusiya məhkəməsi tərəfindən qiyabi həbs cəzasına məhkum olunmuş sabiq DTK generalı Oleq Kalugin ABŞ vətəndaşlığı almışdır. O, avqustun 4-də Baltimorda İmmiqrasiya və Təbəəlik Xidmətinin şöbəsində ulduzlu-zolaqlı bayrağın altında andiçmə mərasimində iştirak etmişdir.
Sabiq general bildirmişdir ki, ona partiya keçmişi və bioqrafiyasında mümkün cinayət epizodları haqqında suallar verilmişdir. DTK-nın sabiq yüksəkvəzifəli əməkdaşı, özünün dediyinə görə, suallara düzgün cavab vermiş, əvvəllər Sov.İKP-nin üzvü olduğunu, indi isə Rusiyada 15 il müddətinə azadlıqdan məhrum edildiyini gizlətməmişdir.
Kalugin demişdir ki, ABŞ vətəndaşı olduqdan sonra Rusiya vətəndaşlığından imtina etməmişdir. Lakin bunu da etiraf etmişdir ki, indiki şəraitdə Rusiyaya getmək imkanı onun üçün istisnadır.