SƏDDAM HÜSEYNİN RESPUBLİKA QVARDİYASININ RƏHBƏRLƏRİNDƏN BİRİ YAXALANMIŞDIR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Assoşieyted Press Agentliyinin yaydığı məlumata görə, İraqda sabiq prezident Səddam Hüseynin Respublika qvardiyasının rəhbərlərindən biri - Sufyan Mahir Həsən yaxalanmışdır. ABŞ komandanlığının nümayəndələri bildirmişlər ki, o, mülki şəxslərə, İraqın təhlükəsizlik xidmətlərinə və koalisiya qüvvələrinə qarşı bir sıra cinayətlərin təşkilində və maliyyələşdirilməsində təqsirləndirilir. O, ABŞ əsgərləri tərəfindən tutulmuşdur.
General-leytenant Sufyan Mahir Həsən Səddam Hüseynin oğlu Kusayın köməkçisi olmuş və 2003-cü ildə hərbi əməliyyatlar zamanı Bağdadın müdafiəsinə məsul idi.
Məlumat var ki, o, ABŞ hərbçiləri ilə gizlicə əlaqəyə girərək, həyatının qorunması və şəxsi təhlükəsizliyinin təmin edilməsi müqabilində tabeliyindəki birləşməyə təslim olmaq əmri vermişdir.
Belə şayiələr də var ki, koalisiya qoşunlarının Bağdada yeridilməsi ərəfəsində Sufyan 100 minlik Respublika qvardiyasına silahı yerə qoyub, evə getməyi əmr etmişdir. Bundan sonra ABŞ Hərbi Hava Qüvvələrinin “Apaçi” vertolyotu onu paytaxt yaxınlığındakı “Ər-Rəşid” hərbi bazasından götürüb, “təhlükəsiz yerə” aparmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var