SİYASƏT
SƏFİRLİKDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Azərbaycanın Tehrandakı səfirliyində 28 May - Respublika günü münasibətilə mətbuat konfransı keçirilmişdir. Tehran, Təbriz, Ərdəbil və Urmiyə şəhərlərinin 20-dən artıq qəzet, xəbərlər agentliyi və televiziya jurnalistinin iştirak etdiyi konfransda səfir Abbasəli Həsənov çıxış etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, A.Həsənov may ayının Azərbaycan xalqı üçün bayramlar ayı olduğunu vurğulayaraq demişdir ki, mayın 10-da xalqımız Azərbaycan Prezidenti, dünya şöhrətli siyasətçi cHeydər Əliyevin 80 illik yubileyini, ayın 28-də isə Respublika gününü bayram etmişdir.
Səfir mətbuat konfransında çıxış edərək, Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin iqtisadi inkişafının təmin edilməsi, respublikamızın region siyasətində mühüm yer tutması və ölkəmizdə demokratiyanın bərqərar olması üçün gördüyü böyük işləri təhlil etmişdir. Ölkəmizin xarici siyasətinin uğurlarından danışan natiq Prezident Heydər Əliyevin səyləri sayəsində İran-Azərbaycan əlaqələrinin getdikcə inkişaf etdiyini xüsusi vurğulamışdır. Prezident Heydər Əliyevin ötən il mayın 18-20-də İrana rəsmi səfərini əlaqələrin inkişafında yeni mərhələ adlandıran səfir, ötən bir il ərzində hər iki ölkə tərəfindən bu istiqamətdə mühüm addımlar atıldığını qeyd etmiş, Azərbaycanın da Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması və bu məsələ ilə bağlı birgə iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində çox əhəmiyyətli razılaşmaların əldə olunduğunu bildirmişdir.
Sonra səfir xalqımızın dövlətçilik tarixinin şanlı səhifələrindən biri olan 28 May - Respublika günü ilə bağlı çıxışını davam etdirmişdir. 1918-ci ilin 28 may günündə xalqımızın öndərlərinin Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurduqlarını bildirən səfir tariximizin son 80 illik mərhələsinin müxtəlif məqamlarından danışmışdır. Nitqini ötən əsrin sonunda yeni müstəqil dövlətimizin memarı Prezident Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, dönməzdir” fikrləri ilə tamamlayan səfir dövlətimizin başçısının xalqımız qarşısındakı tarixi xidmətlərini diqqətə çatdırmışdır.
Səfir Abbasəli Həsənov daha sonra jurnalistlərin suallarına cavab vermişdir.