SİYASƏT
SƏFİR BİŞKEKDƏ AZƏRBAYCANLILARLA GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, respublikamızın Özbəkistandakı səfiri Aydın Əzimbəyov Bişkekdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür. Səfir Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza qayğısından danışmış, Dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayını xatırlatmışdır. O demişdir: - Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan kurs davam etdirilir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə məqsədyönlü iş aparır və soydaşlarımızla bağlı dövlət başçısına müntəzəm məlumat verilir. Səfir Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri haqqında soydaşlarımıza geniş məlumat vermişdir.
Bişkekdəki “Azəri” Azərbaycan mədəniyyət mərkəzinin üzvləri həmvətənlərimizin qayğı və problemlərindən danışmış, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Sonra səfir Bişkekdə yeni istifadəyə verilmiş Azərbaycan məscidi ilə tanış olmuşdur.