İQTİSADİYYAT
“ŞAHDƏNİZ”DƏ ÜÇÜNCÜ QUYUNUN QAZILMASINA BAŞLANDI
“Şahdəniz” yatağının işlənməsi layihəsinin əsas operatoru bp-Azərbaycan şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, quyunun layihə dərinliyi 6285 metr olacaqdır. Platformanın yerləşdiyi ərazidə isə suyun dərinliyi 101 metrə çatır. Qazma işləri cədvəldə nəzərdə tutulduğu kimi, 165 günə tamamlanmalıdır. Bununla da öncəqazma proqramının 1-ci mərhələsi başa çatacaqdır.
Xatırladaq ki, 6540 metr dərinliyə çatan ikinci qabaqlayıcı quyu da yana qazılmış və 1,8 kilometr məsafəyə - yatağın şimal-şərq sahilinədək uzanmışdır. Bu quyu məhsuldar layların aşkara çıxarılmasına imkan vermişdir. Birinci qabaqlayıcı quyu isə yatağın təxminən 101 metr dərinliyi olan hissəsində, həm də 1,2 kilometr yana qazılmışdır. Layihə dərinliyi 6566 metr olan bu quyu “Fasilə” lay dəstinin alt qatında zəngin qaz-kondensat ehtiyatına malik əlavə bir layın da olduğunu aşkar etmişdir.
İndiyədək layihə üzrə görüləcək işlər əvvəlcədən nəzərdə tutulan cədvələ uyğun gedir. Bu da ilk qazın 2006-cı ildə dünya bazarına çıxarılması üçün real zəmin yaradır.
“Şahdəniz” Hasilatın Pay Bölgüsü Sazişinə əsasən operator kimi bp 25,5 faiz, Statoyl 25,5 faiz, ARDNŞ , LUKAcip, NİCO və TotalFinaElf şirkətlərinin hər biri 10 faiz, TPAO isə 9 faiz paya malikdir.