“ŞAHDƏNİZ” YATAĞINDAN ÇIXARILACAQ QAZ KONDENSATI KİMYA MƏHSULLARININ İSTEHSALINA TƏKAN VERƏCƏKDİR
AzerTAg.az
“Azərikimya” Dövlət Şirkətində müasir texnologiyalar əsasında yerli xammaldan istifadə etməklə etilen-polietilen və propilen kimi məhsulların istehsalını genişləndirmək üçün yeni layihə hazırlanır.
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu məhsullara həm respublika daxilində, həm də xarici ölkələrdə çox böyük ehtiyac vardır. Lakin layihəni həyata keçirmək üçün Sumqayıtdakı Etilen-polietilen zavodu yenidən qurulmalıdır. Bu məqsədlə Yaponiya, İtaliya, Fransa, İsrail və digər ölkələrin müxtəlif şirkətləri ilə danışıqlar aparılır, alınan təkliflər araşdırılır. Danışıqlar zamanı yerli xammaldan istifadə olunması əsas şərt kimi qoyulur. Çünki bu gün həmin məhsulların istehsalında zəruri komponent sayılan nafta xaricdən çox baha qiymətə alınır. Nəticədə məhsulların maya dəyəri bazar qiymətlərini üstələyir. Zavodda ən müasir polietilen və propilen qurğuları eyni vaxtda quraşdırılsa, iki növ ixrac məhsulu buraxıla bilər. Layihədə bu prinsip xüsusi yer tutur.
Xammal problemi ilə əlaqədar “bp-Azərbaycan” şirkəti ilə də məsləhətləşmələr aparılmış, “Şahdəniz” yatağından çıxarılacaq qaz kondensatının ilkin kimyəvi xüsusiyyətləri barədə məlumat alınmışdır. Yerli xammal kimi qaz kondensatı isə istehsal prosesində nafta komponentinin yarıdan çox hissəsini əvəz edə bilər. Bu, həm də iqtisadi baxımdan sərfəlidir.
“Azəri-Çıraq-Günəşli” yatağının tam işlənməsi də yeni perspektivlər açacaqdır. Belə ki, yataqdan çıxan səmt qazları sahilə nəql olunacaq və zavod həmin qazlardan xammal kimi istifadə etmək imkanı qazanacaqdır.
Layihənin reallaşması cari ilin axırlarına gözlənilir.
Xəbərin mətnində orfoqrafik səhv var