İQTİSADİYYAT
“ŞAHDƏNİZ” YATAĞININ İŞLƏNİLMƏSİ LAYİHƏSİ ÜZRƏ XƏRCLƏR GƏLƏN İL ARTACAQ
2004-cü il üçün nəzərdə tutulmuş vəsaitin ümumi məbləğinin 615 milyon dolları “Şahdəniz” yatağının işlənilməsi və qaz hasilatı layihəsinə, 466 milyon dolları isə Azərbaycan qazını Türkiyəyə nəql edəcək Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəmərinin tikintisi layihəsinə xərclənəcəkdir. 2003-cü ildə bu xərclər, müvafiq olaraq, 550 milyon və 212 milyon dollar olmuşdur.
Vudvord demişdir ki, “Şahdəniz” layihəsi çərçivəsində yatağın işlənilməsinin ilkin mərhələsinə ( I mərhələ) icazə verildiyi gündən bəri, bu ilin fevralından başlayaraq, xeyli tərəqqi əldə olunmuşdur. Tikinti işləri cədvəl üzrə gedir və cari ilin sonunadək 20 faizi başa çatdırılacaqdır.
Hazırda Keppel Fels şirkətinin Sinqapurda hazırladığı TPG-500 hasilat platformasının hissələrini yığmaq üçün Bakıda tikinti sahəsi modernləşdirilir. Həmin platformanın hissələri 2004-cü ilin oktyabrında Bakıya gətiriləcək, yığıldıqdan sonra isə 2006-cı ilin II rübündə onu dənizə göndərmək mümkün olacaqdır.
Vudvord onu da bildirmişdir ki, Bakı-Tbilisi-Ərzurum boru kəmərinin tikintisi layihəsi çərçivəsində 700 kilometr boru gətirilməsi üçün Yaponiyanın Sumitomo şirkətinə sifariş verilmişdir. Boruların ilk dəsti 2004-cü ilin yanvarında respublikamıza gətiriləcək ki, bu da onların düzülməsinə gələn ilin IV rübündə başlamağa imkan verəcəkdir.