İQTİSADİYYAT
SAHİBKARLARIMIZ BEYNƏLXALQ SƏRGİDƏ İŞTİRAK ETMİŞLƏR
Sərginin Azərbaycan bölməsində ölkəmiz xalçaçılıq sənayesi və yeyinti məhsulları ilə təmsil olunmuşdur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü ilə 150-yə qədər iş adamı və sahibkar bu sərgidə iştirak etmişdir.
Nümayəndə heyətinin Trabzona gəldiyi ilk gün burada Beynəlxalq sərginin rəsmi açılışı olmuşdur. Tədbirdə çıxış edənlər bu sərginin əhəmiyyətindən, müxtəlif ölkələrdə sahibkarlar üçün yaradılmış şəraitdən danışmışlar. Açılış mərasimində Türkiyənin dövlət naziri Gurşad Tüzmen iştirak etmişdir.
Nümayəndə heyətinin sərgi ilə tanışlığından sonra dövlət naziri Azərbaycan bölməsinə gəlmişdir. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov ona və sərginin iştirakçılarına ölkəmizin burada nümayiş etdirilən məhsulları barədə məlumat vermişdir. Dövlət naziri Gurşad Tüzmen AZƏRTAC-ın müxbirinə demişdir:
-Azərbaycan bizim çox önəm verdiyimiz bir ölkədir. Bizim məqsədimiz bütün qonşularla ticarət əlaqələrini genişləndirərək bölgəmizdə inkişafı sürətləndirməkdir. Siz və biz, bütün qonşularımız zəngin olarıqsa, heç bir problemimiz qalmaz.
Sərgi çərçivəsində “Azərbaycan günü”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfederasiyanın prezidenti Ələkbər Məmmədov və digər soydaşlarımız Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısından və onun bəhrələrindən ətraflı danışmışlar. Bildirilmişdir ki, ölkəmizdə istehsalın 70 faizdən çoxu özəl sektorun payına düşür.
Burada keçirilən seminarda və müxtəlif iş adamları ilə görüşlərdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün tədbirlər müəyyənləşdirilmiş, problemlərin həlli üçün yollar axtarılmışdır.
Sərgidən böyük təəssüratla ayrılan iş adamları Trabzon şəhərinin görməli yerlərində olmuş, tarixi abidələrə baxmışlar.