İQTİSADİYYAT
SAHİBKARLIĞIN İNKİŞAFINA QAYĞI MÜSBƏT NƏTİCƏLƏRİNİ VERİR
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonda ümumi daxili məhsul istehsalı 5 il əvvəlki dövrlə müqayisədə 2,8 dəfə artaraq 366,1 milyard manata, adambaşına düşən məhsul istehsalı isə 2,7 dəfə artaraq 3,3 milyon manata çatmışdır. Əhalinin pul gəlirləri 230,6 milyard manat (artım 10,1 faiz), adambaşına düşən pul gəlirləri isə 2,1 milyon manat (artım 10,5 faiz) təşkil etmişdir.
Sənayedə məhsul istehsalı 3,1 dəfə, kənd təsərrüfatında 2,2 dəfə artaraq, müvafiq surətdə 56,2 milyard manat və 142,6 milyard manat olmuşdur.
Hazırda rayonda 103 dövlət müəssisəsi, 220 özəl müəssisə, bir xarici hüquqi şəxs və iki birgə müəssisə fəaliyyət göstərir. 812 fiziki şəxs kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Bu il kənd əməkçiləri zəmilərdən 17354 ton taxıl yığmışlar. Hər hektardan məhsuldarlıq əvvəlki illə müqayisədə 1,1 sentner çox olmuşdur. Tütün istehsalı 2,7 dəfə artaraq 1001 tona çatmışdır.