İQTİSADİYYAT
SAHİBKARLIQ FƏALİYYƏTİ ÜÇÜN ƏLVERİŞLİ ŞƏRAİT YARADILIR
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sayəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin sayı artır, sahibkarlığın hüquqi bazası beynəlxalq standartlara uyğunlaşdırılır.
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu istiqamətdə əhəmiyyətli addımlar atılmışdır. Proses davam edir. Artıq “İnvestisiya fəaliyyəti haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında” qanunların və Antiinhisar Məcəlləsinin layihələri hazırlanmışdır. Bundan əlavə, İxracata Yardım Fondunun yaradılması və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı digər sənədlərin layihələri də hazırdır.
Adı çəkilən qanun layihələri qəbul edildikdən sonra sahibkarlığın inkişafında ən kəskin problemlərdən biri olan istehsal və idxal sahələrində inhisarçılıq halları aradan qaldırılacaqdır. Xatırladaq ki, nazirlik təbii inhisarçıların reyestrini aparır. Bu gün ölkədə 165 şirkət təbii inhisarçı kimi qeydiyyatdan keçmişdir.