İDMAN


ŞƏHİD MÜŞFİQ İSAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR BAŞLANMIŞDIR

AZƏRTAC xəbər verir ki, yanvarın 13-də Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin (1968-1990) xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq güləş turniri başlanmışdır.

Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyinin və Güləş Federasiyasının keçirdikləri turnirdə mükafatlar uğrunda Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, İran və Özbəkistan idmançıları mübarizə aparacaqlar.

Yarış iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra onlar Şəhidlər xiyabanında dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.

Turnirin təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov çıxış edərək beynəlxalq turnirin əhəmiyyətindən danışmış, gənclərin vətənpərvərlik tərbiyəsində bu cür tədbirlərin vacibliyini diqqətə çatdırmışlar. Gələnilki turnirə 10-dan çox ölkənin güləşçilərinin dəvət ediləcəyi qeyd olunmuşdur.

Natiqlər müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin siyasi xəttini əzmlə davam etdirən Prezident İlham Əliyevin respublikada bədən tərbiyəsi və idmanın inkişafına diqqət və qayğısını vurğulamışlar.

Turnirin qalibləri yanvarın 14-də məlum olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.