İDMAN
ŞAHİN DİNİYEV MİLLİ FUTBOL YIĞMA KOMANDAMIZIN BAŞ MƏŞQÇİSİ TƏYİN OLUNDU
AZƏRTAC xəbər verir ki, noyabrın 29-da AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilmişdir.
Toplantının milli yığma komandaya baş məşqçinin təyin olunması məqsədi ilə keçirildiyini açıqlayan AFFA prezidenti Ramiz Mirzəyev bu vəzifənin indiyədək, müvəqqəti olaraq, həvalə edildiyi Vaqif Sadıqovun istefa verdiyini bildirmişdir. Buna görə də İcraiyyə Komitəsi yeni baş məşqçinin təyin olunması məsələsini müzakirə etmişdir.
İcraiyyə Komitəsinin qərarına əsasən, “Gəncə” futbol klubunun baş məşqçisi Şahin Diniyev bu gündən etibarən bir il ərzində yığmamızı beynəlxalq yarışlara hazırlaşdıracaqdır. Bu işdə ona Şakir Qəribovla yanaşı, 15 yaşlılardan ibarət yığma komandanın məşqçisi Mirbağır İsayev, 17 yaşlıların məşqçisi Yaşar Vahabzadə, 19 yaşlıların məşqçisi Arif Əsədov və 21 yaşlıların məşqçisi Nazim Əliyev kömək göstərəcəklər.