REGİONLAR
SƏHRALAŞMANIN QARŞISI ALINA BİLƏR
İnstitutun direktoru, akademik Vahid Hacıyev AZƏRTAC-a bildirmişdir ki, səhralaşma aqrar elm sahəsində çalışan alimlərin qarşılaşdığı, eyni zamanda qarşısının alınması zəruri olan əsas problemlərdəndir.
Məlum olduğu kimi, səhralaşma Azərbaycanda əsasən Kür-Araz ovalığında baş verir. Burada 3 milyon hektara yaxın torpağın 25-30 faizi səhralaşmaya və şoranlaşmaya məruz qalmışdır. Keçmiş SSRİ dövründə qış aylarında həmin torpaqlardan qeyri səmərəli istifadə edilməsi, Cənubi Qafqaz respublikalarının, habelə Dağıstanın qoyun sürülərinin buradakı qış otlaq sahələrində saxlanılması səhralaşmaya səbəb olmuşdur. Köçəri heyvandarlıqla yanaşı, Yuxarı Qarabağ kanalından suyun bir hissəsinin yerin alt qatlarına sızması, əkin sahələrinin nəzarətsiz suvarılması şoranlaşmaya, bitki örtüyünün getdikcə seyrəlməsinə gətirib çıxarmışdır.
Səhralaşmanın qarşısını almaq üçün institutda təkliflər hazırlanmışdır. Amma çoxlu vəsait və uzun vaxt tələb edən bu problem dövlət səviyyəsində həll edilə bilər. Təbiidir ki, bunun üçün ilk növbədə dövlət proqramı hazırlanmalıdır.