ŞAHZADƏ ÇARLZ, AZ QALA, MÜSƏLMAN QIZLA EVLƏNƏCƏKDİ
AzerTAg.az
AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, Böyük Britaniya şahzadəsi Çarlz Türkiyəyə səfəri çərçivəsində Mərdinə gəlmişdir. Şəhərə mümkün qədər çox turist cəlb etməyə çalışan yerli hakimiyyət orqanları bundan son dərəcə məmnun qalmışlar. Əlahəzrət burada mədrəsəyə, Suriya pravoslav kilsəsinə, monastıra, habelə XIX əsrin memarlıq abidəsi olan binada yerləşən poçtxanaya getmişdir.
Məhz elə burada şahzadənin məşuqəsi Kamilla Parker-Boulz ilə münasibətlərini poza biləcək xoşagəlməz hadisə baş vermişdir. Belə ki, abidəni seyr etdikdən sonra qonaqlara qəhvə təklif olunmuşdur. Şahzadə qəşəng bir qızın verdiyi qəhvə fincanını əlinə götürərkən şəhərin meri ona belə bir xəbərdarlıq etmişdir ki, yerli adətə görə, kişi boş fincanı qıza qaytarsa, bu, onunla evlənmək istəyinə işarədir. Ətirli türk qəhvəsindən xüsusi ləzzət alan əlahəzrət daha bir fincan qəhvə istəmişdir. O, boş fincanı 26 yaşlı Bərnə Yağçıya qaytararaq, onunla ailə qurmaq niyyətində olmadığını bildirmiş və zarafatla demişdir: “Sən, az qala, şahzadə olacaqdın”. Bərnənin qohumları şahzadənin qonaq olduğunu nəzərə alıb, təqsirindən keçmiş və nikah bağlamaqda israr etməmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var