ŞAİR NƏSİB NƏBİOĞLUNUN YUBİLEYİ MOSKVADA QEYD OLUNMUŞDUR
AzerTAg.az
Moskva Millətlər evində Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının üzvü, şair Nəsib Nəbioğlunun 50 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilmişdir.
Gecəni ÜAK-ın vitse-prezidenti Tofiq Məlikov açaraq Nəsib Nəbioğlunun yaradıcılıq fəaliyyətindən danışdı. Qeyd olundu ki, M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu Nəsib Nəbioğlunun vətənpərvərlik ruhu ilə aşılanmış şerlərinin çoxu doğma yurda həsr edilmişdir. N.Nəbioğlu yaradıcılığı Azərbaycan mədəniyyətinin inkişafına və milli ənənələrimizin respublikanın hüdudlarından kənarda qorunub saxlanması işinə töhfədir.
ÜAK-ın müşaviri Manaf Ağayev çıxışında bildirdi ki, N.Nəbioğlunun lirik poeziyası, fəlsəfi mənaya malik şerləri həm Azərbaycanda, həm də Rusiyada yaşayan həmvətənlərimiz tərəfindən hərarətlə qarşılanır.
Natiqlər vurğuladılar ki, şairin “Vətənim - ürəyim mənim”, “Sənin Azərbaycanın”, “Dua edən bulaqlar” və digər şer kitabları Azərbaycana məhəbbət ruhunda yazılmışdır. Azərbaycanın xalq şairi Məmməd Araz onun yaradıcılığını yüksək qiymətləndirmişdir.
Ümumrusiya Azərbaycan Konqresi prezidentinin müşaviri Eldar Quliyev təşkilat adından şairi təbrik etmiş, Rusiya Yazıçılar Birliyinin təbrik məktubu oxunmuşdur.
Gecədə akademik Çingiz Hüseynov, şairə Alla Axundova, müəllifin əsərlərinin tərcüməçisi Nikolay Qoroxov, Rusiya və Azərbaycanın yaradıcı ziyalılarının nümayəndələri çıxış etmişlər.
Nəsib Nəbioğlu onun yaradıcılığına verilən yüksək qiymətə görə təşəkkürünü bildirmişdir.
Gecədə şairin əsərləri və şerlərinə yazılan mahnılar səslənmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var