REGİONLAR
ŞƏKƏR ÇUĞUNDURU SAHƏLƏRİNİN MƏHSULDARLIĞI İLBƏİL ARTIR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 2007-ci ildə 6,5 min hektarda şəkər çuğunduru əkilmiş və sahələrdən 138,9 min ton məhsul götürülmüşdür. Mütəxəssislər qeyd edirlər ki, respublikanın torpaq-iqlim şəraiti şəkər çuğunduru istehsalı üçün çox əlverişlidir.
Ölkəmizdə sənaye məqsədi ilə şəkər çuğunduru ilk dəfə 1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR-də, sonralar isə respublikanın 17 rayonunda əkilmiş və yaxşı nəticələr əldə olunmuşdur. Naxçıvan MR, İmişli, Beyləqan, Biləsuvar, Saatlı, Sabirabad, Ağcabədi, Ağdaş və Bərdə rayonlarında hər hektardan məhsuldarlıq ilbəil artır. 2007-ci ildə bu göstərici hər hektardan 213,7 sentner təşkil etmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, bu qiymətli ərzaq və yem bitkisinin istehsalını artırmaq məqsədi ilə 2006-cı ildə İmişli rayonunda MDB məkanında oxşarı olmayan şəkər emalı zavodu tikilmişdir. Həmin il sahələrdən 169,3 min ton çuğundur yığılmışdır.
Hazırda 2008- ci il üçün yerlərdə fermerlərlə müqavilələrin bağlanması davam edir.