MƏDƏNİYYƏT
ŞƏKİDƏKİ ATÇILIQ TURİZM MƏRKƏZİNDƏ İNFOTUR KEÇİRİLMİŞDİR
Şəki, 5 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi və Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə avqustun 3-dən 5-dək daxili turizm bazarında fəaliyyət göstərən aparıcı şirkətlər və KİV nümayəndələri üçün infotur keçirilmişdir.
Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Rafiq Ramazanov AZƏRTAC-a bildirmişdir ki, ölkədə atçılıq turizminin təbliği və təşviqi məqsədi ilə keçirilmiş infoturda 7 turizm şirkəti və KİV nümayəndələrinin daxil olduğu 20 nəfərlik qrup iştirak etmişdir.
Proqrama uyğun olaraq, infoturun ilk günü iştirakçılar tədbirin keçirildiyi Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzi ilə yaxından tanış olmuş, ilkin atsürmə vərdişlərinə yiyələnmişlər.
Növbəti gün infotur iştirakçıları Daşbulaq kəndi ərazisində yerləşən Çorğat meşəsinə atüstü yürüş təşkil etmişlər. 15 kilometrlik məsafəni 5 saata qət edən iştirakçılar yol üstündə yerləşən qədim alban məbədləri və digər tarixi abidələrlə tanış olmuşlar.
Avqustun 5-də iştirakçılar Şəki şəhərinin tarixi abidələri, o cümlədən “Yuxarıbaş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki xanlarının sarayı, tarix-diyarşünaslıq, xalq tətbiqi sənəti muzeyləri ilə tanış olmuşlar.
“Sənətkarlar evi”ndə yerləşən Turizm İnformasiya Mərkəzində infotur iştirakçıları üçün konfrans keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin məsul nümayəndəsi Adil Adilov, Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Rafiq Ramazanov, Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev çıxış edərək infoturun məqsədi barədə danışmış, Şəkinin turizm imkanları, yeni atüstü turist marşrutları barədə məlumat vermişlər.
Sonra iştirakçıların sualları cavablandırılmış, onlara Şəkinin tarixi abidələrindən bəhs edən bukletlər, habelə turist marşrutları, atsürmə qaydaları və digər məsələlərlə bağlı metodiki vəsaitlər paylanılmışdır.