İQTİSADİYYAT
ŞƏKİDƏ 2003-CÜ İLİN YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şura iclasında ötən ilin yekunları barədə hesabat məruzəsi ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Əşrəf Məmmədov 2003-cü ilin rayonun sosial-iqtisadi həyatında dinamik inkişafın təmin edilməsi ili kimi yadda qaldığını qeyd etmiş, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ilin noyabrında bu şəhərdə olarkən verdiyi göstəriş və tövsiyələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, qazanılmış uğurlardan danışmışdır. Natiq bildirmişdir ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat ilində əvvəlki illə müqayisədə rayonda ümumi daxili məhsul istehsalı 4,2 faiz, adambaşına məhsul istehsalının həcmi 3,8 faiz, sənaye məhsulu istehsalı 13,2 faiz, tikinti-quraşdırma işlərinin həcmi 41,5 faiz, nəqliyyat, rabitə və digər xidmətlərin həcmi 1,5 dəfə, yerli gəlirlərin həcmi isə 11 faiz artmışdır.
Hesabat məruzəsində əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, məşğulluq problemlərinin həlli, yeni iş yerlərinin açılması və digər vacib məsələlərə toxunan icra başçısı “Şəki-İpək” ASC-də istehsal prosesinin yenidən bərpa edilməsinin rayonun iqtisadi potensialının artmasında böyük rol oynadığını qeyd etmişdir. Hazırda 1000 nəfərdən çox işçinin çalışdığı bu müəssisədə hesabat ilində 3 milyard manatdan artıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. Müəssisənin yenidən fəaliyyətə başlaması Şəkidə ənənəvi sahələrdən sayılan baramaçılığın dirçəldilməsinə də müsbət təsir göstərəcəkdir.
Rayonda sahibkarlığın daha da inkişaf etdirilməsi və el sənətkarlığının dirçəldilməsi istiqamətində görülən işlərə toxunan natiq fevralın əvvəlində Prezident İlham Əliyevin iştirakı ilə Bakı Biznes Mərkəzinin açılışı mərasimində təşkil olunan sərgidə şəkili sənətkarların da geniş çeşiddə əl işlərinin nümayiş etdirilməsini yüksək qiymətləndirmişdir.
Şura iclasında Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramından irəli gələn vəzifələrin həllinin digər regionlarda olduğu kimi, Şəkinin də sosial-iqtisadi inkişafına böyük təsir göstərəcəyi xüsusi vurğulanmış və bildirilmişdir ki, Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan məsələlər, o cümlədən, tütünçülüyün və ipəkçiliyin inkişaf etdirilməsi, tikiş və toxuculuq sənayesinin inkişafı, şəkər çuğunduru və konserv zavodlarının tikintisi, inşaat materialları və yeyinti məhsulları emalı müəssisələrinin yaradılması, turizmin inkişafı yeni iş yerlərinin açılmasını və Şəkinin sosial-iqtisadi inkişafını təmin edəcək, əhalinin sosial rifahının yaxşılaşmasına böyük təsir göstərəcəkdir.