MƏDƏNİYYƏT
ŞƏKİDƏ AİLƏ İSTİRAHƏTİ ASSOSİASİYASI ƏHALİYƏ XİDMƏT EDƏCƏK
Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əldə olunmuş razılığa əsasən, yeni “İnkişaf Proqramı” çərçivəsində Şəkidə Ailə İstirahəti Assosiasiyasının yaradılması qərara alınmışdır. Məqsəd gözəl təbiətə malik Şəkinin, xüsusən Şəki xanlarının sarayı ətrafında yaşayan və Assosiasiyanın həyata keçirdiyi tədbirlərdə öz arzusu ilə iştirak etmək (evlərini qonaq və turistlər üçün kirayəyə vermək) istəyən sakinlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməkdir.
Mədəni irsin qorunması layihəsinin işçi qrupundan AZƏRTAC-a daxil olan məlumata görə, artıq 50-dən çox sakin işçi qrupuna müraciət etmişdir. Onların bəzilərinə kommersiya və hüquq bilikləri üzrə məşğələlər keçirilmişdir.
Şəki xanları sarayının reklam olunması, onun ətrafındakı ərazinin abadlaşdırılması, kiçik infrastrukturun yaxşılaşdırılması və sair işlər də Proqramın tərkib hissəsini təşkil edir.