CƏMİYYƏT
ŞƏKİDƏ DİAQNOSTİKA MƏRKƏZİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin, əmək kollektivlərinin və ictimaiyyət nümayəndələrinin, səhiyyə işçilərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən natiqlər ölkəmizdə əhalinin sağlamlığının qorunması və tibb xidmətinin keyfiyyətinin yüksəldilməsi, səhiyyə ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi ilə bağlı görülən işlərdən danışmış, bölgədə oxşarı olmayan belə bir mərkəzin istifadəyə verilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ilə eyni vaxta düşməsini xoş bir əlamət kimi qiymətləndirmişlər.
Sonra mərkəzin açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və yeni tibb müəssisəsinə baxış keçirilmişdir. Diaqnostika Mərkəzində ən müasir aparatlarla təchiz olunmuş on iki kabinet fəaliyyət göstərir. Kabinetlərdə quraşdırılmış ultrasəs, retroskopik və digər müayinə cihazları, kliniki, biokimyəvi, immunoloji və bakterioloji laboratoriya aparatları, tibbi kosmetoloji salon bölgə əhalisinə hər cür tibbi xidmət göstərilməsinə imkan verəcəkdir.