İDMAN
ŞƏKİDƏ QADINLAR ARASINDA BEYNƏLXALQŞAHMAT TURNİRİ BAŞA ÇATMIŞDIR
Xatırladaq ki, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Şahmat Federasiyası və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dövlət Müstəqilliyi günü münasibətilə keçirilən və 7 ölkədən 10 tanınmış şahmatçının qatıldığı bu turnir oktyabrın 15-dən 23-dək Şəki Olimpiya İdman Kompleksində davam etmişdir.
Bağlanış mərasimindən öncə turnirdə sonuncu turun oyunları keçirilmişdir. Bu tur hər iki şahmatçımız üçün uğursuz olmuşdur. Nərgiz Umudova Lela Cavakişviliyə, Elmira Əliyeva isə İrina Vasileviçə uduzmuşdur. Jukova-Kovalevskaya, Miziçuk-Qaprindaşvili və Makropoulou-Boqza görüşlərində şahmatçılar xalları yarı bölmüşlər.
Beləliklə, Gürcüstan şahmatçısı Lela Cavakişvili 9 oyundan 7,5 xal toplayaraq turnirin qalibi adını qazanmışdır. Rusiya idmançısı Yekaterina Kovalevskaya yarışları 7 xalla 2-ci, Sloveniya şahmatçısı Anna Miziçuk isə 5 xalla 3-ci pillədə başa vurmuşdur. Gürcüstanın digər təmsilçisi Nona Qaprindaşvili 5 xalla 4-cü, rusiyalı İrina Vasileviç isə 4,5 xalla 5-ci pillədə qərar tutmuşlar. Hərəyə 4 xal toplayan rumın Mariya Boqza və ukraynalı Natalya Jukova 6-7-ci və 3,5 xal toplayan yunanıstanlı Marina Makropoulou və həmyerlimiz Nərgiz Umudova 8-9-cu yerləri bölüşdürmüşlər. Digər şahmatçımız Elmira Əliyeva turniri bir xalla sonuncu pillədə başa vurmuşdur.
Turnirin bağlanışına həsr olunmuş təntənəli mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov çıxış edərək qalib idmançıları təbrik etmiş və yarış iştirakçılarına şəhər icra hakimiyyətinin mükafatlarını təqdim etmişdir. İştirakçılara eyni zamanda, “Şəki-İpək” ASC-nin, Beynəlxalq Bankın və Kapital Bankın xüsusi hədiyyələri də təqdim olunmuşdur.
Mərasimdə beynəlxalq turnirin direktoru Mahir Məmmədov, beşqat dünya çempionu Nona Qaprindaşvili və digər qonaqlar çıxış edərək turnirin yüksək səviyyədə təşkilinə görə Milli Olimpiya Komitəsinə, respublika Şahmat Federasiyasına və Şəki Şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.